Vətən müharibəsi – "Dəmir Yumruq" əməliyyatı
Müharibəyə aparan səbəblər
Döyüşlərin gedişi
Azərbaycanın hərbi üstünlüyü
Ermənistanda daxili vəziyyət
2020-ci il sentyabrın 27-də Ermənistan hökumətinin qərarı ilə hərbi səfərbərlik elan olunmuş, 18-55 yaş arası kişilərin ölkəni yalnız ərazi hərbi komissarlıqlarının yazılı icazəsi ilə tərk edə biləcəyi bildirilib. Sentyabrın 29-da, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın cəbhə xəttinə getməsi səbəbilə, keçmiş prezident Robert Köçəryan və digər şəxslərin məhkəməsi təxirə salınıb.
Oktyabrın 1-də Ermənistanda TikTok tətbiqinə giriş məhdudlaşdırılıb. Eyni gün, Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş yüksək rütbəli hərbi məmurun casusluqda şübhəli bilinərək saxlandığını bildirib. Oktyabrın 2-də Ermənistan Dağlıq Qarabağa gedən avtomobil yollarını yalnız hərbi məqsədlər üçün açıq saxlamaqla bağlamışdır. Müdafiə Nazirliyi qadınlardan ibarət batalyonun formalaşdırılmasına başladığını elan edib.
İnformasiya müharibəsi və kiber hücumlar
İkinci Qarabağ müharibəsi zamanı hər iki tərəf informasiya və kiberməkanda fəaliyyət göstərib. Azərbaycanın rəsmi qurumları Ermənistan tərəfindən yayılan bəzi məlumatları dezinformasiya kimi qiymətləndirərək onların qarşısını almağa çalışıb. Həmçinin, bəzi hallarda Ermənistan saytlarına kiber hücumların baş verdiyi və bu hücumların arxasında müxtəlif haker qruplarının dayandığı iddia olunub.
Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara sosial mediada, SMS və e-poçt vasitəsilə yayılan naməlum linklərə daxil olmamağı və şübhəli faylları yükləməməyi tövsiyə edib.
Müxtəlif mənbələrə görə, sentyabr ayının sonunda bəzi haker qrupları tərəfindən Ermənistanın dövlət orqanlarına aid sayt və sistemlərə hücumlar həyata keçirildiyi, nəticədə müəyyən həcmdə məlumatların ələ keçirildiyi bildirilib. Bu məlumatların həqiqiliyi və miqyası barədə rəsmi təsdiqlər məhduddur.
Azərbaycan Prezidenti İlham Əliyev bir sıra beynəlxalq media qurumlarına verdiyi müsahibələrdə ölkənin mövqeyini izah etmiş, münaqişənin tarixi və hüquqi əsasları barədə ictimaiyyəti məlumatlandırmağa çalışmışdır.
Azərbaycan siyasi rəhbərliyinin açıqlamaları və qərarları
2020-ci il sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. O, çıxışında Ermənistan Silahlı Qüvvələrinin növbəti hərbi təxribat törətdiyini və nəticədə mülki və hərbi itkilərin olduğunu qeyd etmiş, bu addımlara qarşı cavab tədbirlərinin görüldüyünü bildirmişdir.
Prezident İlham Əliyev Almaniya kansleri Angela Merkel ilə telefon danışığında Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatının danışıqlar prosesinə mənfi təsir göstərdiyini və bunun formatın dəyişdirilməsinə cəhd kimi dəyərləndirildiyini qeyd etmişdir. O bildirib ki, Azərbaycan Ordusu öz suveren ərazisində fəaliyyət göstərir və Ermənistan hərbi qüvvələrinin həmin ərazilərdə olmaması vacibdir.
Sentyabrın 29-da Rossiya 1 kanalında yayımlanan “60 dəqiqə” verilişində Azərbaycan Prezidenti İlham Əliyev regiondakı vəziyyətlə bağlı açıqlamalar verib. Türkiyənin münaqişəyə birbaşa hərbi müdaxiləsi ilə bağlı səsləndirilən iddiaların dezinformasiya olduğunu və Türkiyənin mənəvi dəstək göstərdiyini bildirib. Suriyalı döyüşçülərin iştirakı barədə iddiaları da təkzib etmişdir.
Sentyabrın 30-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında yaralı hərbçilərlə görüşüblər. Prezident çıxışında bildirib ki, Azərbaycanın əsas şərti ərazilərin qeyd-şərtsiz və tam şəkildə boşaldılmasıdır.
Oktyabrın 4-də etdiyi müraciətdə Prezident İlham Əliyev Dağlıq Qarabağda aparılan demoqrafik dəyişikliklərə və qanunsuz məskunlaşma cəhdlərinə toxunaraq bunun beynəlxalq hüququ pozduğunu və beynəlxalq təşkilatların bu məsələyə reaksiya vermədiyini vurğulamışdır.
Noyabrın 8-də Prezident İlham Əliyev Şəhidlər Xiyabanında etdiyi çıxışda Şuşa şəhərinin Azərbaycanın nəzarətinə keçməsi barədə məlumat verərək, bu hadisənin ölkə tarixində əhəmiyyətli yer tutduğunu qeyd etmişdir. O, həmçinin bildirmişdir ki, bu nəticə hərbi əməliyyatlar nəticəsində əldə olunmuşdur və Azərbaycanın suverenliyinin bərpası istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirilməlidir.
Ermənistan rəhbərliyinin açıqlamaları və qərarları
2020-ci il sentyabrın 27-də Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycanı genişmiqyaslı hərbi əməliyyatlara başlamaqda ittiham etmişdir. O, Azərbaycanın əvvəlki dövrdə verdiyi bəyanatların, Türkiyə ilə birgə keçirdiyi hərbi təlimlərin və ATƏT-in monitorinq təkliflərini rədd etməsinin hərbi hazırlığa işarə etdiyini bildirmişdir.
Ermənistan Xarici İşlər Nazirliyi 28 sentyabrda müharibə ilə bağlı rəsmi açıqlama yaymışdır. Həmçinin, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqyanyan, ölkəsinin silah təchizatı ilə bağlı Rusiyaya müraciət edəcəyini açıqlamışdır.
30 sentyabrda Baş nazir Paşinyan, Ermənistanın Dağlıq Qarabağı müstəqil ərazi kimi tanıma məsələsinə baxdığını qeyd etmişdir. Eyni gün, Ermənistan Xarici İşlər Nazirliyi, Türkiyə Hərbi Hava Qüvvələrinin regionda uçuşlar həyata keçirdiyini iddia etmişdir.
1 oktyabrda Dağlıq Qarabağdakı de-fakto rəhbərlik tərəfindən uzunmüddətli münaqişəyə hazırlıq çağırışı səsləndirilmişdir. 3 oktyabrda Ermənistan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti münaqişənin sülh yolu ilə həlli üçün Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırmışdır.
1 oktyabrda Ermənistan hökuməti İsrailin Azərbaycana silah satışı ilə bağlı narahatlığını ifadə edərək İsraildəki səfirini geri çağırmışdır. 8 oktyabrda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri prezidentin qərarı ilə vəzifəsindən azad edilmişdir. Həmin gün Ermənistan Daxili İşlər Nazirliyi, "Novaya qazeta" müxbiri İlya Azarın akkreditasiyasız fəaliyyət göstərdiyini bildirərək onun akkreditasiyasını ləğv etmişdir.
İkinci Qarabağ müharibəsi və beynəlxalq reaksiyalar
Türkiyə - Erməni xalqını onları fəlakətə aparan hökumətlərinə və onları bir kukla kimi oynadanlara qarşı çıxmağa, gələcəklərinə sahib çıxmağa dəvət edirəm. Bütün dünyaya işğala və zülmə qarşı verdikləri mübarizədə Azərbaycanın yanında olmağa çağırıram. 30 ilə yaxındır məsələyə etinasız yanaşan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri həll üçün fəaliyyətdən, təəssüf ki, çox uzaqdır. Ermənistan bölgədə sülh və sabitliyin önündəki ən böyük təhdid olduğunu növbəti dəfə göstərib. Türk milləti hər zaman olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanındadır", - deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında vurğulayıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, həmçinin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Numan Kurtulmuş Azərbaycanın Ankaradakı səfirliyini ziyarət ediblər. onlar Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşüblər. Nazir səfirlikdəki çıxışında deyib: "Bu problemin həlli çox sadədir. Bunun üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır.”
Türkiyənin Müdafiə naziri Hulusi Akar ölkəsinin Azərbaycanın tərəfində olduğunu bildirib və Ermənistanın mövqeyinin Qafqazda sülh və sabitliyin ən böyük əngəli olduğunu vurğulayıb.
Qardaş Türkiyə Cümhuriyyəti Vətən müharibəsində birmənalı şəkildə Azərbaycanın yanında olduğunu sözdə və əməldə nümayiş etdirdi.
Böyük Britaniya - İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, onun ərazi bütövlüyünü dəstəkləmişdir. BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Təhlükəsizlik Şurasının sədri adından hazırlanan və Azərbaycanın əleyhinə olan bəyanat layihəsi BMT TŞ-nin daimi üzvü olan Böyük Britaniyanın vetosu ilə qəbul edilməmişdir.
ABŞ - ABŞ Dövlət katibinin birinci müavini Stiven Biqan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla əlaqə saxlayaraq hər iki tərəfi dərhal hərbi əməliyyatları dayandırmağa, vəziyyəti daha da gərginləşməmək üçün aralarındakı mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə və regiondakı gərginliyi daha da artıran ritorika və hərəkətlərdən uzaq olmağa çağırıb.
ATƏT-in Minsk qrupunun amerikalı sabiq həmsədri Riçard Hoqland: "Beynəlxalq hüquqa görə, Ermənistan başqa bir suveren dövlət olan Azərbaycanın suveren ərazisinə soxulub və işğal edib". O qeyd edib ki, ABŞ-ın əsas siyasəti bütün millətlərin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək və qorumaqdır.
Rusiya - Rusiya prezidenti Vladimir Putin çıxışlarında dəfələrlə vurğulayıb ki, “Ermənistan KTMT çərçivəsində müttəfiqdir, amma Dağlıq Qarabağ Ermənistana aid deyil, odur ki, Qarabağ ərazisindəki hərbi əməliyyatlarla bağlı Rusiya vasitəçilikdən savayı, hər hansı öhdəlik daşımır". Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin tərəflərini dərhal atəşi dayandırmağa çağırıb. 44 günlük müharibə dövründə Rusiyadan Ermənistana daşınan silah-sursat və hərbi texnikanın sayının artırılması ilə bağlı məlumatlar yayılmışdır. Məlumatlara görə, silah-sursat və hərbi texnika Gürcüstan tərəfindən hərbi yüklərin onun ərazisindən daşınmasına qoyulan qadağa ilə əlaqədar olaraq Qazaxıstan - Türkmənistan – İran hava yolu marşrutu üzrə daşınmışdır. Rusiya tərəfi dəfələrlə rəsmi olaraq daşınan yüklərin silah-sursat və hərbi texnika deyil, Ermənistandakı Rusiya hərbi bazasının ehtiyacları üçün tikinti materialı olduğunu bildirmişdir.
İtaliya - İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, onun ərazi bütövlüyünü dəstəkləmişdir. İtaliyanın Kampobasso əyalətinin Sepino və San Culiano del Sannio bələdiyyələri, Milan əyalətinin Korbetta şəhər Bələdiyyə Şurası Ermənistanın Azərbaycana qarşı təcavüz, etnik təmizləmə, soyqırımı siyasətini pisləyən və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul edib.
Fransa - Fransa İrəvan və Bakını hərbi əməliyyatları dərhal dayandırmağa və danışıqları yenidən başlamağa çağırıb. Fransa Xarici İşlər Nazirliyinin sözçüsü etdiyi açıqlamada "Fransa qarşıdurmadan son dərəcə narahatdır" ifadəsini işlətmişdir.
Fransa Azərbaycan - Ermənistan arasında baş verən münaqişədə işğalçı Ermənistanı dəstəkləmişdir. Fransanın Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Ermənistan və Azərbaycan arasında baş verən münaqişə ilə bağlı bəyanatı, bu münaqişəli məsələnin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri kimi ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir və bu missiyanı şübhə altına alır. Fransa Respublikası Senatının 2020-ci il noyabrın 25-də qəbul etdiyi “Dağlıq Qarabağ respublikası”nın tanınmasına dair qətnamə layihəsi haqlı olaraq Azərbaycanın etirazına səbəb olmuşdur.
Gürcüstan - Prezident Salome Zurabişvili tərəfləri barışığa çağırmış, bölgədə sülh və əminamanlığın qorunmasını dəstəklədiyini bildirmişdir. Gürcüstan Respublikasının 3-cü Prezidenti Mixeil Saakaşvili öz Facebook səhifəsində "Mənim mövqeyim ərazi bütövlüyü prisipinə əsaslanır, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey onu dəyişdirməyəcəyi" fikrini ifadə etmişdir. Gürcüstan 44 günlük müharibə dövründə onun ərazisindən və hava məkanından istifadə olunaraq Ermənistana hərbi yüklərin daşınmasına qadağa qoyub.
Serbiya - 44 günlük müharibədən əvvəl və müharibə dövründə Serbiyanın Ermənistana silah satması haqqında təkzibolunmaz məlumatlar əldə olunmuşdur. Bu isə Azərbaycanın narazılığına səbəb olub və bu ölkəyə etiraz bildirilib.
Yunanıstan - 44 günlük müharibə dövründə dolayısıilə Ermənistanı dəstəkləmişdir.
Almaniya - Almaniya Xarici İşlər naziri Hayko Maas Ermənistan və Azərbaycan detallı danışıqların lehinə güc tətbiqindən dərhal imtina etməli deyib və münaqişənin hər iki tərəfini dərhal bütün hərbi əməliyyatların dayandırılmasına çağırmışdır. Həmçinin kənd və qəsəbələrin atəşə tutulmasından da olduqca narahat olduğunu bildirmişdir.
İran - İran Xarici İşlər nazirinin sözçüsü Səid Xətibzadə, İranın hərbi toqquşmaları diqqətlə izlədiyini, Tehranın Azərbaycan və Ermənistan arasında atəşkəs əldə olunması üçün vasitəçilik etməyə hazır olduğunu bildirib. Müharibə gedişində İran ərazisindən Ermənistana hərbi yüklərin daşınması haqqında yayılan məlumatları İran rəsmiləri təkzib etmişdir. İran öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. İranın müxtəlif şəhərlərində Azərbaycanın qələbələrinə dəstək aksiyaları da diqqəti cəlb edirdi. Şuşanın azad edilməsi və Azərbaycanın İranla sərhədi nəzarətə götürməsi Təbriz, Ərdəbil və digər şəhərlərdə xüsusi sevinclə qarşılandı. İran sərhədindən Azərbaycan ordusunun işğalçılara qarşı keçirdiyi uğurlu əməliyyatlar ermənilər arasında təşviş yaratmışdır.
Avropa İttifaqı - Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi tərəflərini döyüş əməliyyatlarını dayandırmağa, gərginliyi azaltmağa və atəşkəsə ciddi əməl etməyə çağırıb. Həmçinin, Avropa İttifaqı Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Cozef Borrellin bəyanatında Dağlıq Qarabağda vəziyyətin ciddi narahatlıq doğurduğu, münaqişənin həlli üçün yalnız diplomatik vasitələrdən istifadə olunmasının vacibliyi vurğulanıb.
BMT - Birləşmiş Millətlər Təşkilatı (BMT) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələr qəbul edib və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Təşkilat həmçinin tərəfləri atəşkəsi bərpa etməyə və danışıqlar yolu ilə problemi həll etməyə çağırır.
KTMT - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın üzvüdür, lakin Dağlıq Qarabağın bu təşkilat daxilində münaqişənin tərəfi kimi tanınmaması səbəbindən KTMT-nin rəsmi mövqeyi daha ehtiyatlıdır. Təşkilat tərəflərə atəşkəs və danışıqlara çağırış edir.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) - İslam ölkələrinin birliyi olaraq Azərbaycanı dəstəkləyir və Ermənistanın işğalçı siyasətini qınayır. İƏT Dağlıq Qarabağ münaqişəsinin ədalətli və beynəlxalq hüquqa uyğun həllini tələb edir.
Türk Dövlətləri Təşkilatı - Təşkilat üzvü olan Türkiyə və digər türk dövlətləri Azərbaycanın yanında olduqlarını açıq şəkildə bəyan edir, münaqişənin sülh yolu ilə həllini dəstəkləyir və Azərbaycanla həmrəyliyini nümayiş etdirir.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) - Təşkilat bölgədə sabitliyin və əməkdaşlığın vacibliyini vurğulayaraq, münaqişənin hərbi yolla həllinə qarşı çıxır və dialoq yolu ilə məsələnin həllini təşviq edir.
Nəticə
İkinci Qarabağ müharibəsi zamanı beynəlxalq münasibətlərin çoxsahəli və mürəkkəb olduğunu görürük. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlər və təşkilatlar olduğu kimi, Ermənistanı daha çox dəstəkləyən və ya neytral mövqedə dayanan aktorlar da mövcuddur. Münaqişənin həlli üçün beynəlxalq hüquq çərçivəsində, diplomatik vasitələrlə və tərəflər arasında danışıqlar yolu ilə sülhün bərqərar olunması əsas məqsəd kimi qalır. Lakin bölgədə yeni gərginliklərin yaranmaması və dayanıqlı sülhün təmin olunması üçün regional və beynəlxalq güclərin məsuliyyətli davranması vacibdir.
İkinci Qarabağ müharibəsi və Azərbaycan diasporu
Oktyabrın 6-da Türkiyənin İstanbul və Konya şəhərlərində Azərbaycan dövlətinə dəstək məqsədilə mitinqlər keçirilib. Eyni gün Kanadanın Kalqari şəhərində həmrəylik yürüşü təşkil olunub.
Oktyabrın 8-də Eskişehir stadionunda Azərbaycanlılar Dərnəyi, Humanitar Yardım Fondu (İHH) və digər qeyri-hökumət təşkilatları birgə aksiya keçiriblər.
Oktyabrın 11-də Gürcüstanın Marneuli rayonunda Azərbaycan dövlətinə dəstək üçün izdihamlı mitinq baş tutub.
Oktyabrın 13-də İtaliyanın Milan şəhərində Ermənistanın işğal siyasətinə etiraz və Azərbaycan dövlətinə dəstək məqsədilə aksiya keçirilib.
İsrailin Petax-Tıkva şəhərindəki Azərbaycan diasporu Ermənistanın işğalçı siyasətinə etiraz edib.
Oktyabrın 17-də Almaniyanın Berlində Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Ermənistanın Gəncəyə raket zərbələri nəticəsində mülki şəxslərə dəyən ziyanın pislənməsi ilə bağlı 10 mindən çox azərbaycanlının iştirakı ilə aksiya keçirilib.
Oktyabrın 18-də ABŞ-ın Çikaqo şəhərində Azərbaycanın Müstəqillik günü münasibətilə Azərbaycan himni altında bayraq qaldırılıb. Eyni zamanda Kanadanın Toronto şəhərində Azərbaycanın ərazi bütövlüyünün bərpasına dəstək yürüşü təşkil olunub.
Oktyabrın 21-də Polşanın Vrotslav şəhərində azərbaycanlı icmasının təşəbbüsü ilə icazəli etiraz aksiyası keçirilib.
Oktyabrın 26-da ABŞ-ın Mayami, Minneapolis, San-Fransisko və Solt-Leyk-Siti şəhərlərində etiraz aksiyaları baş tutub.
Oktyabrın 26-da İsveç Azərbaycanlıları Birliyinin təşkilatçılığı ilə Stokholmda Ermənistanın Gəncədə törətdiyi terror aktlarına etiraz məqsədilə səssiz yürüş keçirilib.
Oktyabrın 27-də Londonda yaşayan azərbaycanlılar Böyük Britaniyanın baş naziri Boris Consonun ofisi qarşısında icazəli aksiya keçiriblər.
Oktyabrın 29-da ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayan azərbaycanlılar Ermənistanın Bərdə və Gəncə şəhərlərində törətdiyi terror aktlarına etiraz məqsədilə Hyuston meriyası qarşısında aksiya təşkil ediblər.
Oktyabrın 30-da İtaliyada yaşayan azərbaycanlılar və türk icması nümayəndələri Venesiyada Gəncə və Bərdədəki terror aktlarına etiraz aksiyası keçiriblər.
İkinci Qarabağ müharibəsi və erməni diasporu
İkinci Qarabağ müharibəsi zamanı erməni diasporu gözlənildiyi kimi geniş fəaliyyət göstərmədi. Bəzi ölkələrdə yaşayan erməni diaspor nümayəndələri aqressiv hərəkətləri ilə diqqət çəkdilər.
Oktyabrın 11-də ABŞ-ın Vaşinqton, San-Fransisko, Nyu-York, Boston və digər şəhərlərində kiçik etirazlar keçirilib. Los-Ancelesdə isə erməni icması Türkiyə konsulluğu önündə 100,000 nəfərlik yürüş təşkil edib.
Oktyabrın 28-də Fransanın İsere şəhərində ermənilər yolu bağlayaraq nəqliyyatın hərəkətini dayandırıblar. Lion və Marsel şəhərlərinə gedən yollarda tıxac yaranıb. Tıxacda qalanlarla aksiyaçılar arasında qarşıdurma baş verib. Təxminən 300–400 erməni aksiyaçısı işə gedən türklərə hücum edib, onları yaralayıblar.
Erməni faşizminin məğlubiyyəti və bölgədə yeni reallıqlar
Keçmiş müharibələrdə “Yandırılmış torpaq” taktikası geniş istifadə olunurdu — işğalçı ordu geri çəkilərkən hər şeyi dağıdır, talayır və yandırırdı ki, yerli əhali geri qayıda bilməsin. 1977-ci ildə Cenevrə Konvensiyasının 54-cü maddəsi bu taktikayı qadağan edib və belə əməllər müharibə cinayəti sayılır.
Ermənilər XXI əsrdə belə qanunsuz taktikanı tətbiq edərək işğaldan azad edilmiş əraziləri dağıdıblar. Şəhər və kəndlər viran olub, meşələr yandırılıb, torpaqlar yararsız hala gətirilib. Ağdam şəhəri xüsusilə dağıntıları ilə diqqət çəkir, burada sanki atom bombasının təsiri var.
Ermənistanın Gəncəyə iki dəfə raket atması, Bərdə kasetli mərmilərlə atəşə tutulması, eləcə də digər yaşayış məntəqələrinə hücumları mülki əhalinin ölümünə səbəb olub. Yüzlərlə uşaq, qadın və yaşlı həlak olub, minlərlə ev və infrastruktura ciddi ziyan dəyib.
Bu vəhşiliklər bütün dünyaya göstərilməlidir ki, Azərbaycan hansı düşmənlə üz-üzədir. İşğaldan azad olunmuş rayonlara diplomatik nümayəndə heyətlərinin səfərləri təşkil olunur, dağıntılar sənədləşdirilərək beynəlxalq məhkəmələrə təqdim ediləcək.
Düşmən hesab edirdi ki, dağıntılar səbəbindən azərbaycanlılar torpaqlarına qayıtmayacaq. Lakin Azərbaycan xalqı 30 il gözlədiyi doğma torpaqlara geri dönmək əzmi ilə yaşayır. Artıq bərpa işləri başlayıb, yeni yollar çəkilir və qədim tarixi yollar bərpa olunur.
İkinci Qarabağ müharibəsi bölgədə yeni reallıq yaradıb. Türkiyə siyasi və hərbi dəstəyi ilə Azərbaycanın yanında durur, atəşkəsə türk əsgəri nəzarət edir. İki ölkə arasındakı qardaşlıq münasibətləri regional siyasəti dəyişdirir və Azərbaycan Qarabağda 30 illik status-kvonu sona çatdırıb.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının gücünü göstərdi, 30 illik işğala son qoydu və bölgədə yeni tarixi başlanğıc yaratdı.
Made by © TUSI
